Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
«Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi.
Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
«Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.