Biblia Todo Logo
在线圣经

- 广告 -

YEŞAYA 39 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Xizqiyanın ağılsızlığı
( 2Pad. 20:12-19 )

1 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi.

2 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı.

3 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər».

4 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».

5 Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə:

6 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb.

7 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”».

8 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq».

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
跟着我们:



广告