YEREMYA 45 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Allahın Baruka vədi 1 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi: 2 «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir: 3 “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”. 4 Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə. 5 Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”». |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies