VƏHY 15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)Bəla gətirən yeddi mələk 1 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. 2 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub. 3 Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir. 4 Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu». 5 Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı 6 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı. 7 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. 8 Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi. |
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.
United Bible Societies