Biblia Todo Logo
在线圣经

- 广告 -

ESTER 7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Hamanın məğlubiyyəti və edamı

1 Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi.

2 İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm».

3 Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın.

4 Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz».

5 O zaman padşah Axaşveroş mələkə Esterdən «Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?» deyib soruşanda

6 Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü.

7 Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir.

8 Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar.

9 Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!»

10 Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
跟着我们:



广告