Biblia Todo Logo
在线圣经

- 广告 -

1 KORİNFLİLƏRƏ 13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)


Məhəbbətin qüdrəti

1 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm.

2 Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm.

3 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.

4 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz,

5 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz.

6 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar.

7 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.

8 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq.

9 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur.

10 Kamillik gələndə məhdud olan aradan qalxacaq.

11 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim.

12 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.

13 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
跟着我们:



广告