Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -

NƏĞMƏLƏR NƏĞMƏSİ 1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Bu nəğmələr nəğməsi Süleymanındır.


Qız:

2 Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır.

3 Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan.

4 Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Sənə heyran olanlar haqlıdır.


Qızın rəfiqələri: Qız:

5 Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.

6 Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim.

7 Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim?


Qızın rəfiqələri:

8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.


Oğlan:

9 Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.

10 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.

11 Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.


Qız:

12 Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.

13 Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.

14 Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.


Oğlan:

15 Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!


Qız:

16 Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.


Oğlan:

17 Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır.

Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.

United Bible Societies
Bizi izlə:



Reklamlar